Azərbaycan qazının 9 ayda İtaliyaya tədarükü 2,4 % artıb
- 29 noyabr, 2024
- 13:33
Bu ilin yanvar-sentyabr aylarında Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükü 7,549 milyard kubmetr təşkil edib.
“Report” bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.
Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında İtaliya 43,264 milyard kubmetr təbii qaz idxal edib. Bu da bir il əvvəlki göstəricidən 2,1 % azdır. Eyni zamanda, Azərbaycan qazının payı 17,4 % təşkil edib.
Qurumdan bildirilib ki, bu ilin sentyabr ayında Azərbaycan qazının İtaliyaya tədarükü 808 milyon kubmetr (ötən ilin sentyabr ayı ilə müqayisədə 3,9 % az) olub.
Sentyabrda İtaliyaya ümumi “mavi yanacaq” idxalı 4,266 milyard kubmetr (6,2 % çox) təşkil edib. Azərbaycan qazının payı 18,9 % təşkil edib.
Nazirliyin məlumatına görə, ötən il İtaliya Azərbaycandan TAP vasitəsilə 9,988 milyard kubmetr qaz (2022-ci ilin səviyyəsi ilə müqayisədə 3,2 % az) alıb. 2024-cü ildə Azərbaycan İtaliyaya 9,6 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.