Azərbaycan martda metanol ixracından qazancını təxminən 25 % artırıb
- 30 aprel, 2024
- 16:15
Bu ilin mart ayında isə Azərbaycan xarici ölkələrə 7,1 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilib.
Bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 24,6 % çoxdur.
İcmala görə, bu ilin yanvar-mart aylarında Azərbaycan 22,8 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib. Bu, 2023-cü ilin ilk rübünün göstəricisi ilə müqayisədə 1,3 milyon ABŞ dolları və yaxud 6,04 % çoxdur.
Qeyd edək ki, bu ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 673,7 milyon ABŞ dolları təşkil edib.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.