Azərbaycan İspaniyaya karbamid ixracını kəskin artırıb
- 25 iyul, 2023
- 09:38
Bu ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 30,4 milyon ABŞ dolları dəyərində 104 min 722 ton karbamid göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 64 %, kəmiyyət olaraq – 15 % azdır.
Hesabat dövründə Azərbaycan Rumıniyaya 8,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,2 dəfə çoxdur) 29 min 322 ton (+6,1 dəfə), İspaniyaya 5,56 milyon ABŞ dolları dəyərində (+13,4 dəfə) 19 min 505 ton (+32 dəfə), Ukraynaya 5,47 milyon ABŞ dolları dəyərində (+30 %) 19 min 933 ton (+2,8 dəfə), İtaliyaya 2,74 milyon ABŞ dolları dəyərində (+8,5 dəfə) 10 min 145 ton (+23 dəfə), Yunanıstana 1,954 milyon ABŞ dolları dəyərində 4 min 886 ton (bir il əvvəl tədarük olmayıb) karbamid satıb.
2022-ci ildə Azərbaycandan (17 ölkəyə) ixrac edilən 360 min ton karbamidin 25,5 %-i Bolqarıstanın, 18,1 %-i Rumıniyanın, 14,6 %-i Hindistanın payına düşüb.