Avqustda OPEC sazişi 103% həcmində yerinə yetirilib

Avqustda OPEC sazişi 103% həcmində yerinə yetirilib ​​​​​​​OPEC ölkələri avqust ayında gündəlik neft hasilatını 0,76 milyon barel artıraraq gündəlik 24,05 milyon barelə çatdırıblar
Energetika
14 Sentyabr , 2020 19:08
Avqustda OPEC sazişi 103% həcmində yerinə yetirilib

OPEC ölkələri avqust ayında əsasən Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytdə hasilatın artması sayəsində gündəlik neft hasilatını 0,76 milyon barel artıraraq gündəlik 24,05 milyon barelə çatdırıblar.

“Report” təşkilatın sentyabr ayı üçün hesabatına istinadən xəbər verir ki, hasilatdakı artım OPEC+ sazişi üzrə planlaşdırılmış yumşalmadan az olub, bu səbəbdən də avqust ayında OPEC razılaşması 103% yerinə yetirilib.

İran, Liviya və Venesuela məhdudiyyətlərdən azad edildiyindən neft hasilatının azaldılması üzrə OPEC+ sazişində 13 OPEC üzvündən 10-u iştirak edir. Avqust ayında saziş iştirakçılarının istehsalı gündəlik 21,67 milyon barel təşkil edib ki, bu da planlaşdırılmış dəyərdən gündəlik 130 min barel azdır.

Eyni zamanda əvvəlki aylarda sazişin şərtləri bütün ölkələr tərəfindən dəqiq şəkildə yerinə yetirilmədiyindən avqust-sentyabr aylarında onlar bunu kompensasiya etməlidir. Məsələn, nizam-intizamla bağlı ən çox şikayət edilən İraq avqustda hasilatı artırmaq əvəzinə, gündəlik 100 min barel azaldıb və gündəlik 3,65 milyon barel səviyyəsinə endirib.

Səudiyyə Ərəbistanı isə avqustda gündəlik neft istehsalını 0,475 milyon barel artıraraq gündəlik 8,89 milyon barelə, BƏƏ gündəlik 180 min barel artıraraq gündəlik 2,7 milyon barelə, Küveyt gündəlik 127 min barel artıraraq gündəlik 2,28 milyon barelə qədər çatdırıb. Bu ölkələrdən yalnız BƏƏ hasilatı planlaşdırıldığından çox artırıb.

Venesuela, İran və Liviyada neft hasilatı əvvəlki ay səviyyəsində - müvafiq olaraq gündəlik 340 min barel, 1,94 milyon barel və 106 min barel həcmində qalıb.

Qeyd edək ki, neft hasilatının azaldılmasına dair OPEC+ sazişi yenilənmiş formada may ayından etibarən qüvvədədir. İyul ayının sonuna qədər ittifaq ölkələri gündəlik neft hasilatını 9,7 milyon barel azaldıblar, hər ölkənin kvotası baza səviyyəsindən 23 faiz azaldılıb. Avqustdan bəri məhdudiyyətlər yumşaldılıb və ilin sonuna qədər yalnız gündəlik 7,7 milyon barel ixtisara düşəcək.

Son xəbərlər

Orphus sistemi