ARDNF “Şahdəniz”dən gəlirlərini bir ildə 1,8 dəfə artırıb
- 05 dekabr, 2022
- 11:59
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 357 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 626,293 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
Bu ilin 11 ayı ərzində Neft Fonduna daxil olan vəsaitlərin 328,567 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 50,389 milyon ABŞ dolları və ya 18,1 % çoxdur.
Xatırladaq ki, 2021-ci ilin 11 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 730,707 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 278,178 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).