Aleksios Zaxariadis: "Enerji təhlükəsizliyi yenidən investisiya qərarlarının mərkəzinə çevrilib"
- 02 iyun, 2026
- 10:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Enerji təhlükəsizliyi yenidən investisiya qərarlarının mərkəzinə çevrilib.
"Report" xəbər verir ki, bunu "Deloitte" şirkətinin Strategiya və tranzaksiyalar istiqaməti üzrə partnoru Aleksios Zaxariadis Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə bildirib.
Onun sözlərinə görə, son illərdə baş verən geosiyasi münaqişələr enerji təhlükəsizliyini yenidən hökumətlərin və enerji şirkətlərinin əsas investisiya prioritetlərindən birinə çevirib: "Əvvəllər enerji keçidi və kommersiya gəlirləri ayrı istiqamətlər kimi qiymətləndirilsə də, zamanla bu iki amil vahid investisiya strategiyasında birləşməyə başlayıb. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr göstərib ki, enerji təhlükəsizliyi artıq arxa planda qalan məsələ deyil, həm korporativ idarəetmə səviyyəsində, həm də dövlətlər üçün əsas investisiya amillərindən birinə çevrilib. Şirkətlər və hökumətlər enerji keçidindən geri çəkilmirlər. Əksinə, onlar enerji təhlükəsizliyini qorumaq, kommersiya gəlirlərini saxlamaq və eyni zamanda dekarbonizasiya prosesini davam etdirmək üçün daha praqmatik yanaşma tətbiq edirlər".
Ekspert qeyd edib ki, növbəti üç-beş il ərzində Yaxın Şərq ölkələrinin milli enerji şirkətləri bir tərəfdən əsas gəlir mənbələrini qorumağa, digər tərəfdən isə fəaliyyətlərinin karbon intensivliyini azaltmağa fokuslanacaqlar: "Regionda baş verən son hadisələr və Hörmüz boğazında yaranan risklər enerji ixracının dayanıqlılığının artırılması məsələsini daha da aktuallaşdırıb. Bu hadisələr göstərib ki, enerji ixracı üçün alternativ marşrutlar və yeni əməkdaşlıq mexanizmləri formalaşdırılmalıdır. Gələcəkdə region ölkələri arasında birgə infrastruktur layihələrinin həyata keçirilməsi və alternativ ixrac marşrutlarının yaradılması istiqamətində əməkdaşlığın genişlənməsi mümkündür".