Asiya İnkişaf Bankı (ADB) Xəzər dənizi vasitəsilə "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinin həyata keçirilməsi üçün Texniki Yardım Xüsusi Fondu vasitəsilə 225 min ABŞ dolları ayırıb.
"Report"un ADB-yə istinadən xəbər verir ki, bu layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərini birləşdirəcək sualtı kabel çəkilişini nəzərdə tutur ki, bu da regional enerji əməkdaşlığının gücləndirilməsi və davamlı transsərhəd elektrik enerjisi ticarətinin yaradılması istiqamətində mühüm addım olacaq.
Bu layihənin icrasını nəzərə tutan Anlaşma Memorandumu üç ölkənin hökumətləri tərəfindən 2 may 2024-cü il tarixində imzalanıb və layihə regionda enerji təhlükəsizliyinin təmin edilməsinə, davamlı enerji təcrübələrinin inkişafına və iqtisadi artımın dəstəklənməsinə yönəlib. Layihə çərçivəsində həmçinin bərpa olunan enerjinin Xəzər regionundan Qara dənizdəki kabel vasitəsilə Avropaya ötürüləcəyi "yaşıl dəhliz"in yaradılması nəzərdə tutulur.
Texniki yardım əhəmiyyətli investisiyalar tələb edəcək bu regional layihənin araşdırılması və hazırlanması üçün təqdim edilib. ADB layihəyə müxtəlif tədbirlər vasitəsilə texniki dəstək göstərir, o cümlədən hökumətlərarası işçi qrupların formalaşdırılmasına, xüsusi təyinatlı müəssisənin (SPV) və ya birgə müəssisənin yaradılmasına, şəffaf və səmərəli idarəetmə strukturunun, hüquqi və kommersiya çərçivələrinin işlənib hazırlanmasına, SPV-nin ətraflı əməliyyat planının hazırlanmasına və əlavə məsləhət dəstəyinin göstərilməsinə, yüksək keyfiyyətli texniki qiymətləndirmələrin və texniki-iqtisadi əsaslandırmaların təmin edilməsi üçün ölkə nümayəndələrinin potensialının artırılmasına kömək edəcək.
Bu layihə təkcə Mərkəzi Asiyada enerji əməkdaşlığını gücləndirməyəcək, həm də Paris sazişinin məqsədlərini və yaşıl enerji infrastrukturunun inkişafını dəstəkləyərək istixana qazı emissiyalarının azaldılmasına kömək edəcək.