2020-ci il ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə təxminən 531 mln ABŞ dolları əməliyyat məsrəfləri xərclənib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, 2019-cu illə müqayisədə AÇG üzrə əməliyyat xərcləri 36 milyon ABŞ dolları və ya 6,35 % az olub.
2020-ci il ərzində yataqlar bloku üzrə 1,817 mlrd ABŞ dollardan çox əsaslı məsrəflər xərclənib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 341 mln ABŞ dolları və ya 23,1 % çoxdur.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.