ABŞ və Azərbaycan əsas diqqəti bərpa olunan enerji mənbələrinə yönəldərək enerji sektorunda əməkdaşlığı davam etdirəcək.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.
“Mən bir amerikalı kimi Cənub Qaz Dəhlizi (SGC), Bakı-Tbilisi-Ceyhan kimi layihələr vasitəsilə Azərbaycanla birlikdə gördüyümüz işlərlə fəxr edirəm. Bunlar Avropanın enerji təhlükəsizliyini artıran, Azərbaycanda rifahın və təhlükəsizliyin artmasına töhfə verən layihələrdir”, - səfir qeyd edib.
Diplomat əlavə edib ki, Bakı və Vaşinqtonun enerji sektorunda yaxşı əməkdaşlıq tarixi var: “İndi isə biz bərpa olunan enerji mənbələrinə diqqət yetiririk”.
Səfirinin sözlərinə görə, Azərbaycanın bu sahənin inkişafı ilə bağlı böyük potensialı var:
“Avropa və digər ölkələr “yaşıl iqtisadiyyata keçid etməyə çalışır. “Yaşıl keçid” tamamlanana və karbon neytrallığı üzrə COP hədəflərinə nail olunana qədər Avropa və digər tərəfdaşlar da, Rusiya təbii qazından asılılıqdan qurtulmağa çalışırlar. Azərbaycan isə müxtəlifliyi və böyük təhlükəsizliyi təmsil edən mənbə təklif edir”.
Onun fikrincə, bərpa olunan enerji mənbələrinin bütün potensialını açmaq üçün Azərbaycan mövcud infrastrukturun genişləndirilməsi istiqamətində işlər görməlidir:
“Hidrogen, külək və ekoloji cəhətdən təmiz və bərpa olunan enerjinin digər növləri sahəsində texnologiyaların inkişafına, texniki-iqtisadi əsaslandırmalara və investisiya imkanlarına gəlincə, burada perspektivlər var. Bu istiqamətdə investisiyalar tələb olunur. Bunun üçün isə müəyyən planlaşdırma lazımdır”.