ABƏŞ SOCAR-a verdiyi səmt qazının həcmini açıqlayıb

Energetika
  • 02 noyabr, 2023
  • 09:10
ABƏŞ SOCAR-a verdiyi səmt qazının həcmini açıqlayıb

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu ilin ilk üç rübündə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,5 milyon kubmetr səmt qazı verib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, hesabat dövründə SOCAR-a 1,5 milyard kubmetr səmt qazı təhvil verilib.

Bu ilin III rübü ərzində SOCAR-a verilən səmt qazının həcmi ötən ilin üç rübü ilə müqayisədə 0,7 milyard kubmetr və ya 31,8 % azdır.

Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti