Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı dəyişikliklərin detallarını açıqlayıb

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı dəyişikliklərin detallarını açıqlayıb Müəllimlərin imtahanda topladığı bal bir il qüvvədə saxlanılacaq və müsabiqə zamanı nəzərə alınacaq
Elm və təhsil
17 May , 2017 15:58
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı dəyişikliklərin detallarını açıqlayıb

Bakı. 17 may. REPORT.AZ/ Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı tətbiq olunacaq yeniliklərin detallarını açıqlayıb.

"Report"un xəbərinə görə, nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, əgər müəllim test imtahanından sonra müvafiq keçid balı toplayıb işlə təmin olunmursa, imtahandakı toplanan bal bir il qüvvədə saxlanılacaq və müsabiqə zamanı nəzərə alınacaq.

O qeyd edib ki, həmin namizədlər test imtahanından azad olunaraq vakansiya seçmək mərhələsinə buraxılacaqlar: "Yeniliklərdən biri də bəzi müəssisələrə müsabiqədənkənar müəllim işə qəbul etmək hüququnun verilməsidir. Bu müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsalar da, namizədin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırımalıdırlar".

Seçilmiş müəssisələrin respublikada ən yüksək akademik göstəricilərə malik olduğuna diqqət çəkən nazirlik rəsmisi əlavə edib ki, bu müəssisələrə işə qəbul olunmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştiraka ehtiyac yoxdur: "Sadəcə olaraq, həmin namizadlərin siyahısı nazirliyə təqdim olunacaq və onlar müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə Təhsil Nazirliyi tabeliyində olmayan, ancaq yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsi məsələsinə baxa bilər. Məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmək və s. aiddir. Bu müəssisələrə işə qəbul olunmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdırlar. Namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur".

"Bundan başqa, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin də işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirildi. Müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı nazirlik tərəfindən verilirdi. Bu il isə bir qədər fərqli olacaq. Peşə müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Həmin müəllimlər isə test imtahanında müvafiq balı toplayan namizədlər arasından seçiləcək", -  E.Bağırov qeyd edib.

Şöbənin müdir əvəzi vurğulayıb ki, ötən il rekord sayda, yəni 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib: "Onlardan keçid balını (36 baldan yuxarı) toplayanların nəticəsi qüvvədə saxlanılır və bu il imtahan vermədən vakant seçimdə birbaşa iştirak edə biləcək. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Amma keçid balını, yəni 36 balı toplayanların sayı ilə bağlı dəqiq məlumat yoxdur".

Son xəbərlər

Orphus sistemi