Bakı. 15 fevral. REPORT.AZ/ "Pətək" Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin "Dəyərlərimiz - sərvətimiz, gələcəyimizdir" adlı layihə çərçivəsində orta məktəb şagirdləri arasında "Milli-mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı" mövzusunda elan etdiyi müsabiqə davam edir.
"Pətək" İctimai Birliyindən “Report”a verilən məlumata görə, müsabiqəyə ötən ilinin noyabr ayında start verilib.
Qeyd olunub ki, yarandığı 2009-cu ildən etibarən məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə, yetişməkdə olan nəslin milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli inkişaf etmiş, əxlaqlı bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaq məqsədilə çeşidli layihələr həyata keçirən "Pətək" İctimai Birliyi bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Bildirilib ki,
"Bu bir həqiqətdir ki, bir toplumun varlığını qoruyub saxlamaq üçün hər şeydən əvvəl onun kimliyini özündə əks etdirən milli-mənəvi dəyərlərini qoruyub saxlamaq vacibdir. Amma təəssüflər olsun ki, XXI əsrdə qloballaşma dediyimiz proses müxtəlif xalqların, o cümlədən də Azərbaycan xalqının milli-mənəvi dəyərlərini məhv etməyə, sıradan çıxarmağa çalışır. Ona görə milli-mənəvi dəyərlərimizi göz bəbəyi kimi qorumaq, onu gələcək nəsillərə bir əmanət kimi öturmək müasir gənclərin üzərinə düşən ən önəmli vəzifədir. Məhz buna görə də layihə çərçivəsində, həmçinin milli-mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazlarını əks etdirən "Ən yaxşı hekayə" və "Ən yaxşı videoçarx" nominasiyası üzrə müsabiqəyə start verilib. "Milli-mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı" adlı müsabiqədə ölkəmizdəki bütün orta ümumtəhsil məktəblərinin 6-7-8-ci sinif şagirdləri iştirak edə bilərlər", -İctimai Birlikdən bildirilib.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər öz yazılarını martın 10-dək İctima Birliyə ([email protected] və ya [email protected] e-mail ünvanına) göndərə bilərlər. Aprel ayında isə qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, müsabiqə haqqında əlavə məlumat almaq istəyənlər 0503019190 və 0708318568 mobil nömrələri ilə əlaqə saxlaya bilərlər.