Yuxarı

BANM Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

​BANM Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

61

Bakı Ali Neft Məktəbi (BANM) ilə Estoniyanın Tallin Texnologiya Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. 

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib. 

Memorandumu BANM-in rektoru Elmar Qasımov və Tallin Texnologiya Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin Elektron İdarəetmə Texnologiyaları və Xidmətləri Proqramının müdiri İnqrid Pappel imzalayıblar. İmzalanma mərasimində Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, aidiyyatı şöbələrin rəhbərləri, tələbələr, Tallin Texnologiya Universitetinin əməkdaşları iştirak edib.

Tədbirdə gələcək əməkdaşlıq, tələbə və professor-müəllim heyətinin mübadiləsi, Yay Məktəbinin təşkili, elmi-tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

E.Qasımov tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Estoniya ilə münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranıb. Rektor qeyd edib ki, ötən müddətdə Estoniya-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb, iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində son illər ərzində mühüm irəliləyişlərə nail olunub.

Azərbaycandan olan tələbələr arasında Tallin Texnologiya Universitetinə tələbatın getdikcə artdığını qeyd edən E.Qasımov BANM ilə də intensiv tələbə mübadiləsi həyata keçiriləcəyinə ümidvar olduğunu deyib.

İnqrid Pappel isə öz növbəsində bildirib ki, Tallin Texnologiya Universiteti Estoniyanın sürətlə inkişaf edən, cəmiyyətin ehtiyaclarına və rəqəmsal dövrün çağırışlarına cavab verən ali təhsil müəssisəsidir. Burada Kompüter sistemləri və mühəndisliyi, Kibertəhlükəsizlik, Elektron idarəetmə texnologiyaları və xidmətləri, Dizayn və mühəndislik, Texnologiya İdarəetməsi kimi ixtisaslar tədris olunur.

Sonda İnqrid Pappel Tallin Texnologiya Universitetində yaradılan elektron hökumət və e-sistem həlləri barədə təqdimatla çıxış edib.

Qonaqlar Ali Məktəbin kampusu və burada yaradılan şəraitlə də tanış olublar.

Qeyd edək ki, texniki sahə üzrə əhatəli tədris prosesinin və elmi-tədqiqat işlərinin həyata keçirildiyi ali məktəblər sırasında Tallin Texnologiya Universiteti xüsusi mövqeyə malikdir. Universitet 1918-ci ildən Estoniyanın paytaxtı Tallin şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib. Bakalaviatura və magistratura təhsil pillələri üzrə ingilisdilli tədris həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi