II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır.
"Report" xəbər verir ki, bu, Təhsil Nazirliyi Kollegiyasının təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nda öz əksini tapıb.
Qeyd olunub ki, summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur və sinif jurnalında müvafiq qaydada yazılır.
Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 (bir) ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblər gözlənilməklə şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur. Qeyd olunan müddətdə təhsilalan qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə qiymətləndirmə üzrə balı “0” qəbul olunur.
Distant formada summativ qiymətləndirmənin təşkili zamanı Microsoft Teams ilə yanaşı, Zoom, Whatsapp, Skype və s. digər elektron tətbiqlərdən istifadə oluna bilər.