Təhsil naziri Ağdaşa səfər edib

Təhsil naziri Ağdaşa səfər edib Təhsil naziri Emin Əmrullayev Ağdaşa səfər edib.
Elm və təhsil
321
11 Mart , 2022 15:31
Təhsil naziri Ağdaşa səfər edib

Təhsil naziri Emin Əmrullayev Ağdaşa səfər edib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, səfər çərçivəsində Ağdaş şəhər Maqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət təmayüllü gimnaziyada STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Nazir Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, mərkəz regional xarakter daşıyır. Ağdaş rayonu ilə yanaşı, Yevlax, Bərdə, Ucar, Mingəçevir və Kürdəmirdən olan şagirdlər də bu Mərkəzdə yaradılmış imkanlardan faydalana bilərlər. Artıq bir neçə bölgədə bu cür STEAM Mərkəzinin istifadəyə verildiyini qeyd edən təhsil naziri bildirib ki, ölkə üzrə ümumilikdə 15 STEAM Mərkəzinin tikilməsi nəzərdə tutulub.

Emin Əmrullayev deyib ki, STEAM yanaşması Azərbaycan təhsilinin müasirliyini təmin etməklə yanaşı, şagirdlərin zəruri bilik və bacarıqlara yiyələnməsinə də kömək edəcəkdir.

Hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır. Layihənin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Həmçinin fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltmək də layihənin məqsədlərindəndir.

Nazir müxtəlif bölgələrdə qəzalı vəziyyətdə olan məktəblərin vəziyyəti barədə "Report"un sualını cavablandırıb. Nazir qeyd edib ki, ölkə ərazisində qəzalı vəziyyətdə olan məktəblərin növbəlilik prinsipi ilə yenidən bərpası və əsaslı təmiri nəzərdə tutulub. Bunun üçün müvafiq Dövlət Proqramı hazırlanır.

Son xəbərlər

Orphus sistemi