Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi, konkret olaraq tibb bacısı (tibb qardaşı) üzrə ixtisas olacaq.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran deyib.
Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
“Bizim universitetin Naxçıvan Dövlət Universiteti, Naxçıvan Səhiyyə Nazirliyi və dövlət xəstəxanası ilə əməkdaşlığı var. Biz tibb bacısı ixtisasının Azərbaycanda yetərincə dəyərləndirilmədiyini düşünürük”, - o deyib.
Rektorun sözlərinə görə, tibb bacısı (yaxud tibb qardaşı) ixtisası üzrə təhsil iki illə natamam qalır, halbuki tam təhsilin alınması mütləqdir. O bildirib ki, Türkiyədə bu ixtisas 4 illik təhsil proqramı ilə başa çatır:
“Hacettepe Universiteti olaraq biz buna çox önəm veririk. Çünki onlar həkimlərin ən böyük dəstəkçisidir, yarı həkimdirlər. Bizim universitetimizin, xəstəxanalarımızın böyük uğuru tibb bacısı üzrə kadrların güclü bazada hazırlanmasına əsaslanır. Mərhum İhsan Doğramacı Hoca Hacettepede tibb fakültəsini qurduğu zaman həmşirəlik fakültəsini də yaradıb. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə TAU-da müasir təhsil standartlarına cavab verən güclü kadrlar yetişdirəcəyik”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.