Bakı. 22 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov TQDK-ın I ixtisas qrupu üzrə keçirdiyi imtahanlarda ən yüksək – 700 bal toplamış üç abituriyentdən biri olan Sultanlı Nadir Faiq oğlu ilə görüşüb.
Ali məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, rektor Elmar Qasımov bu yüksək nəticə münasibətilə onu ürəkdən təbrik edib. Elmar Qasımov Azərbaycanın savadlı, bilikli gənclərinin ölkənin fəxri olduğunu deyib. Rektor azərbaycanlı gənclərin əldə etdiyi nailiyyətlərlə hamının qürur duyduğunu bildirib. Bu sahədə həm valideynlərin, həm də müəllimlərin böyük zəhməti olduğunu qeyd edən Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə bağlı danışaraq bildirib ki, hər zaman yüksək bal toplayan abituriyentlər öz seçimlərində Ali Neft Məktəbinə üstünlük verirlər. Rektor Nadir Sultanlının məhz BANM-i seçdiyinə görə yanılmadığını deyərək, onun bu seçiminin düzgün olduğunu bildirib. Elmar Qasımov ona gələcək təhsilində uğurlar arzulayıb.
Nadir Sultanlının anası Şəhla Sultanlı BANM-in Azərbaycan ali təhsil müəssisələri içərisində həm tədris, həm də nüfuzuna görə öndə olduğunu deyib. Övladının bu Ali Məktəbi seçdiyinə sevindiyini bildirən valideyn səmimi qəbula və təbrikə görə rektora minnətdarlığını bildirib.
Rektor Elmar Qasımov Nadir Sultanlı və onun valideynini BANM-in yeni kampusunun maketi, Prezident təqaüdçülərinin stendi ilə tanış edib.