Mil-Muğan Regional Təhsil İdarəsi sosial şəbəkələrdə paylaşılan qəzalı məktəblə bağlı açıqlama yayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, açıqlamada qeyd edilir: Sosial media səhifələrində İmişli rayonunun Kürdmahmudlu kənd tam orta məktəbinin binasının vəziyyəti barəsində paylaşımla bağlı bildiririk ki, məktəb binasının mövcud vəziyyəti barəsində məlumatlıyıq və bu istiqamətdə müvafiq addımlar atılıb. Belə ki, Kürdmahmudlu kənd tam orta məktəbinin mövcud binasının sökülərək yerində yeni məktəb binasının tikintisinin aparılması üçün məktəb binasının layihəsi təsdiq olunduqdan sonra yeni məktəb binasının tikinti işlərinə başlanılacaq”.
Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində 250 ümumtəhsil, 89 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son 2 ildə Regional Təhsil İdarəsinin tabeliyində olan 74 təhsil müəssisəsi təmir olunmuş, 12 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib.