Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu “Böyük dövlətlərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq oyunları” adlı kitabı rus dilində nəşr etdirib.
Fonddan "Report"a verilən məlumata görə, kitabın müəllifləri akademik Yaqub Mahmudov və dosent Güntəkin Nəcəflidir.
Əsərdə erməni tarixçiləri və onların havadarlarının uydurduqları saxta erməni tarixi faktlarla ifşa edilib. Nəşrdə çar Rusiyasının XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaratmaq siyasəti də araşdırılıb.
Nəşrdə qeyd edilib ki, XIX əsrin əvvəllərində çar Rusiyası I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladı. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən həm Qacarlar İranından, həm də Osmanlı imperiyasından kütləvi surətdə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə başlanıb. Bunun üçün burada öncə qanlı qırğın siyasəti yeridilib. Çar Rusiyasına xidmət edən erməni və gürcü əsilli zabitlərin – sisianovların, lazaryanların, melikyansların, madatovların vasitəsi ilə burada əliyalın azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirilib.
Kitabda ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri və digər sənədlərlə təkzibedilməz şəkildə sübut edilib. Kitaba həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar da daxil edilib.
Xatırladaq ki, Y.Mahmudov və G.Nəcəflinin bundan əvvəl “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” və “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” kitabları da nəşr olunub.