Universitet tələbəsi: Azərbaycan dilini öyrənməyə başladıqdan sonra tədricən qarşıma yeni bir dünya çıxdı

Universitet tələbəsi: Azərbaycan dilini öyrənməyə başladıqdan sonra tədricən qarşıma yeni bir dünya çıxdı Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili fakültəsinin ikinci kurs tələbəsi Tu Kaiyang (Tunar) Azərbaycan dilini öyrənməyə başladıqdan sonra qarşısına yeni bir dünyanın çıxdığını deyib.
Elm və təhsil
23 aprel 2025 14:08
Universitet tələbəsi: Azərbaycan dilini öyrənməyə başladıqdan sonra tədricən qarşıma yeni bir dünya çıxdı

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili fakültəsinin ikinci kurs tələbəsi Tu Kaiyang (Tunar) Azərbaycan dilini öyrənməyə başladıqdan sonra qarşısına yeni bir dünyanın çıxdığını deyib.

“Report”un Pekinə ezam olunan müxbiri ilə söhbətində Tu Kaiyang dili öyrənməzdən əvvəl ölkə haqqında məlumatının nisbətən məhdud olduğunu deyib:

“Azərbaycan dilini öyrənməzdən əvvəl ölkə haqqında məlumatım nisbətən məhdud idi. Amma dili öyrənməyə başladıqdan sonra tədricən qarşıma yeni bir dünya çıxdı. Dərsimizdə biz təkcə Azərbaycan dilini yox, həm də mədəniyyət və tarixini öyrənirik. Azərbaycan dilini öyrəndikcə qəlbimlə bu ölkə arasında sanki bir ruh əlaqəsi yarandı və mən, həqiqətən də, özümü azərbaycanlı kimi hiss etməyə başladım”.

Tələbənin sözlərinə görə, Azərbaycan dili ona Çində oxuyan azərbaycanlılarla əlaqə qurmağa çox kömək edib.

“Keçən yay Azərbaycana 15 günlük səyahət etdim. Həmin müddətdə Bakıda Xəzər sahilində küləyin səsini dinlədim, daha sonra Gəncəyə gedib Nizaminin məzarını ziyarət etdim. Həmçinin Quba dağlarında azərbaycanlı dostlarımla çay içib söhbət etmişəm. Bu anların hər birin mənə Azərbaycanı və onun dilini daha da sevdirib”.

Orphus sistemi