Sabah, martın 4-də paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, məktəb kontingenti üçün Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti martın 4-də başa çatır.
Qeyd edək ki, 82 nömrəli tam orta məktəbdə 1 şagird və 2 müəllimin COVID-19 testi pozitiv çıxdığına görə tədris ocağı fevralın 19-da müvəqqəti olaraq distant təhsil formasına keçlmişdi.
Onu da qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.