Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb.
Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüş zamanı BANM haqqında geniş məlumat verən E.Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. Rektor bir pakistanlı tələbəyə Ali Məktəbin təqaüdünün verilməsini təklif edərək növbəti tədris ilindən etibarən BANM-də bu ölkənin tələbələrinin təhsil almalarından məmnun olacaqlarını bildirib.
Səfir Said Xan Mohmand səmimi qəbula görə rektora öz təşəkkürünü bildirib. O, Pakistan və Azərbaycanın qardaş dövlətlər olduğunu və iki ölkə arasında ikitərəfli münasibətlərin hər gün daha da inkişaf etdiyini qeyd edib. Həmçinin səfir region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin gördüyü işləri və BANM tələbələrinin uğurlarını yüksək qiymətləndirdiyini vurğulayıb.
Səfir hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsi istiqamətində səylə çalışdıqlarını bildirərək təqaüd təklifinə görə rektora təşəkkürünü bildirib.