Ukraynada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycandakı ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə aydınlıq gətirilib.
"Report"un məlumatına görə, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, tələbələrin köçürülməsi qaydalarla tənzimlənir.
Nazir bildirib ki, həmin qaydalara uyğun olaraq yay ayları ərzində tələbələr müraciət edə bilərlər:
"Bununla bağlı hər hansı xüsusi güzəşt nəzərdə tutulmayıb. Ölkə daxilindən və xaricindən tələbələrin köçürülməsinə münasibətimiz budur ki, proses bu və ya digər bəhanə altında universitetlərə qəbulla nəticələnməsin. Çünki ali məktəbə tələbə qəbulunun ədalətli şəkildə aparılması önəmli şərtdir".
Nazir əlavə edib ki, müvafiq qaydada ayrı-ayrı vaxtlarda məsələyə baxıla bilər:
"Amma hansısa şəkildə tələbə Ukraynada təhsil alıbsa, onların Azərbaycan universitetlərinə qeyd-şərtsiz qəbulu və köçürülməsi müzakirə mövzusu deyil. Lakin köçürülmə ilə bağlı qaydalar dəyişsə, bu, ayrı mövzudur. Hazırda ənənəvi qaydada həmin tələbələrin müraciət etmək hüququ var. Biz də meyar olaraq həmin şəxslərin DİM ballarına, hansı universitetlərdə oxuduqlarına, ora necə qəbul olduqlarına və təhsil aldıqları müddətdə nə əldə etdiklərinə baxacağıq".
"Hesab edirəm ki, ədalətlilik Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar əsasında qəbul və ya xarici ölkələrdə təhsil alarkən qəbul zamanı oradakı universitetlərin reytinq göstəricisi, tələbənin nailiyyətləri əsasında olmalıdır. Yəni, başqa meyarlar əsasında qəbulun ədalətli olduğunu hesab etmirəm. Misal olaraq, kimsə səhhəti ilə əlaqədar ali təhsil müəssisəsinə qəbul olmamalıdır. Çünki ali təhsilə qəbulun əsası hazırlığa söykənməlidir" - o vurğulayıb.