Nazir: Rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır

Nazir: Rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır Sinifdə şagird-müəllim nisbəti aşağı olan məktəblərdə tədrisin keyfiyyəti ilə daha ciddi problemlər var, nəinki nisbət fərqi yuxarı olan siniflərdə.
Elm və təhsil
14 İyun , 2024 16:33
Nazir: Rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır

Sinifdə şagird-müəllim nisbəti aşağı olan məktəblərdə tədrisin keyfiyyəti ilə daha ciddi problemlər var, nəinki nisbət fərqi yuxarı olan siniflərdə.

Bunu “Report”a müsahibəsində Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, dünyanın hər yerində daha çox adambaşına maliyyələşmə sistemi var və Azərbaycanda da bu sistemə keçid planlaşdırılır:

“Bu il artıq bir neçə pilot məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçidi nəzərdə tutmuşuq. Sonra digər islahatlar kimi bunu da müxtəlif mərhələlərlə tətbiq edə bilərik”.

E.Əmrullayevin sözlərinə görə, ilkin mərhələdə pilot layihəyə rayonlardakı məktəblərdən başlanılacaq, çünki Bakıda maksimum bir-iki belə məktəb ola bilər.

“Amma rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır. Bir daha təkrar edirəm ki, bu, heç bir halda hər hansı məktəbin bağlanması və ya orada işləyən müəllimlərin iş yerlərini itirməsi anlamına gəlmir. Sadəcə, adambaşına maliyyələşmə sistemi müəyyən mənada sovet dövründən bizə miras qalan “stavka” və s. bu tipli sistemləri yeniləri ilə mütləq əvəz etməliyik”, - nazir deyib.

E.Əmrullayev vurğulayıb ki, ölkədə müxtəlif – ibtidai, orta və tam orta təhsil səviyyələri var.

“Nazirlik olaraq inandığımız budur ki, hər yaşayış məntəqəsində mütləq bir məktəb olmalıdır. Çünki məktəb həmin kəndin, qəsəbənin elm ocağı, gələcəyi ilə bağlı ümididir. Bu nöqteyi-nəzərdən niyyətimiz hər hansı məktəbi bağlamaq deyil. Hesab edirəm ki, daha çox ibtidai yaşda şagirdlər öz kəndlərində, yaşadıqları yerdə təhsil almalıdırlar. Çünki azyaşlını bir qədər uzağa daşımaq və valideyni tərəfindən aparılmasını təmin etmək çətindir”, - E.Əmrullayev bildirib.

Nazir nəzərə çatdırıb ki, azkontingentli məktəblərin 10-11-ci siniflərində bir və ya iki şagird təhsil alır və dövlət bu vəsaitlə onu daha böyük və keyfiyyətli məktəbə gətirməklə tədrisini təmin edə bilər:

“Bununla bağlı müəyyən işlər görülüb, müəyyən siyahı da var. Amma hansı ardıcıllıqla və necə icra olunması ilə bağlı məsələlər, yəqin ki, sentyabr ayında konkretləşəndən sonra ictimaiyyətə açıqlanacaq”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi