Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin bütün məzunları (34 məzun) 13 illik ənənəyə sadiq qalaraq, 100 faiz nəticə ilə ali təhsil ocaqlarına qəbul olub.
“Report”un Muğan bürosunun əməkdaşı həmin təhsil kompleksində bir neçə məzun ilə həmsöhbət olub.
Ən yüksək bal toplayan məzun İsayeva Nuray Siyasət qızının sözlərinə görə, o, 663 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olub:
“Bizim Təhsil Kompleksində bütün müəllimlər peşəkardır, həmçinin tədrisə çox ciddi yanaşılır. Buna görə də, bizdə çalışırıq ki, təhsilimizdə müvəffəqiyyət qazanaq. Bu da digər məktəblərdən bizim məktəbin əsas fərqidir. Bizdə 34 məzun 13 illik ənənəyə sadiq qalaraq, ali məktəblərə qəbul olduq. Həmçinin kompleksdə akademik mühitlə yanaşı sosial mühitin olması da buranın üstünlüyüdür. Mənim bu hüquqşünaslıq ixtisasına marağım 6-cı sinifdən yaranıb və özümə hədəf qoymuşdum ki, hüquqşünas olacağam. Bakalavr təhsilimdən sonra, magistr təhsili almaq istəyirəm. Abituriyentlərə məsləhətim odur ki, özlərinə inansınlar və hədəfləri uğrunda daima mübarizə aparsınlar".
Təhsil Kompleksinin digər şagirdi Quluzadə Duyğu Xəyyam qızı isə Qarabağ Universitetinə qəbul olub. Onun sözlərinə görə, ali təhsil almaq üçün Qarabağ Universitetin seçmək onun üçün qürurlu və şərəflidir:
"Ali Baş Komandanımızın başçılığı ilə şəhid və qazilərimizin sayəsində işğaldan azad edilən müqəddəs torpaqlarımızda yerləşən bu universitetimizdə oxumaq mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun bir neçə səbəbi var. Çünki özüm də əslən qarabağlıyam. Həmçinin Qarabağ Universitetində sonda bizə yerli və beynəlxalq diplomun verilməsi, ingilis dili dərsləri, yataqxana şəraiti və s. ixtisas seçimimdə mühüm rol oynadı. Ali məktəbi bitirdikdən sonra elə Qarabağda fəaliyyət göstərən şirkətlərin birində çalışmaq istəyirəm".
Müsahibimiz həmçinin qeyd edib ki, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Təhsil Kompleksinin məzunu olaraq Qarabağ Universitetində təhsil almaq onun üçün çox şərəflidir. Həmçinin əlavə olaraq insanda məsuliyyət yaradır.
Qeyd edək ki, məzunlardan 9 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 9 nəfəri Bakı Dövlət Universitetinə, 4 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 3 nəfəri Azərbaycan Dillər Universitetinə, 2 nəfəri Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 1 nəfəri Qarabağ Universitetinə, 1 nəfəri Xəzər Universitetinə, 1 nəfəri Azərbaycan Universitetinə, 1 nəfəri Dövlət Gömrük Akademiyasına, 1 nəfəri Bakı Ali Neft Məktəbinə, 1 nəfəri Bakı Mühəndislik Universitetinə və 1 nəfəri isə Naxçıvan Tibb Universitetinə qəbul olub.
Əlavə edək ki, Təhsil Kompleksi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2010-cu ildə fəaliyyətə başlayıb. Kompleksin yarandığı gündən bu günə kimi 319 məzunu olub. Bütün məzunlar yüksək bal toplayaraq ölkə daxilində və xaricdə nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.