Ştaynmayer Çini beynəlxalq nizamın qorunmasına töhfə verməyə çağırıb

Digər ölkələr
  • 30 oktyabr, 2026
  • 15:16
Ştaynmayer Çini beynəlxalq nizamın qorunmasına töhfə verməyə çağırıb

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çini BMT Nizamnaməsinə əsaslanan beynəlxalq nizamın qorunub saxlanmasına töhfə verməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Biz hamımız beynəlxalq nizama və dövlətlərin bir-biri ilə əlaqələr qurduğu şərtlərə görə məsuliyyət daşıyırıq", - Ştaynmayer bildirib.

Si Cinpin Almaniya və Çini daha ədalətli və sabit qlobal idarəetmə sisteminin formalaşmasına töhfə verməyə çağırıb. O, hərtərəfli strateji tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkə bərabərlik, qarşılıqlı fayda və strateji sabitliyə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşmasında aparıcı rol oynamalıdır.

"Bu yeni model dünyaya müsbət siqnal ötürür: biz qapalılığın yox, açıqlığın, qarşıdurmanın yox, əməkdaşlığın tərəfdarıyıq", - Çin lideri qeyd edib.

Ştaynmayerin Çinə beşgünlük səfəri oktyabrın 31-dək davam edəcək.