Bakı. 2 fevral. REPORT.AZ/ "Magistratura və rezidentura imtahanlarının keçiriləcəyi günlər artıq məlumdur".
"Report" xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, imtahan günləri və bütün digər məlumatları komissiyanın saytında yerləşdirilib: "Martın 6 da magistraturaya imtahanın birinci mərhələsi keçiriləcək. Magistraturaya elektron ərizlərin qəbulu isə fevralın 1-dən 19-dək aparılacaq. Magistraturaya qəbulun ikinci mərhələsi 5 iyunda keçiriləcək. Rezidentura imtahanları isə 3 aprel və 29 iyulda baş tutacaq".
Onun sözlərinə görə, qəbul qaydaları təsdiq olunan kimi qeydiyyata alınaraq, həm komissiyanın, həm də Ədliyyə Nazirliyinin saytında yerləşdirilir.
M.Abbaszadə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyinin birləşdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, ölkədə aparılan islahatlar çərçivəsində əgər belə bir qərar qəbul olunsa, icra ediləcək.
O, abituriyentlərə üz tutaraq bidirib ki, əgər hər hansı struktur dəyişikliyi olsa belə imtahan prosesində heç bir dəyişiklik olmayacaq: "İndiyə kimi necə olubsa elə də olacaq. Obyektivliyə, imtahan gedişinə heç bir təsiri olmayacaq. Əgər belə qərar qəbul olunsa təbii ki, icra olunacaq və komissiya qəbul edilən qərara tabe olacaq".