Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, konfransda Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Çapay Məmmədov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, eləcə də region üzrə şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri, ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
Tədbirdə şagirdlərin əl işlərinin nümayiş olunduğu sərgiyə, STEAM və idman nailiyyətlərindən ibarət stendlərə, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalara baxış keçirilib.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Çapay Məmmədov təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. B.Mehdiyev növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
Təhsil İnstitutunun direktor müavini İlham Cavadov çıxışı zamanı “IV və VI siniflər üzrə monitorinq nəticələrinin təhlili”, “IX və XI sinif buraxılış imtahanlarının nəticələrinin təhlili”, “Olimpiada və respublika səviyyəli müsabiqə nəticələri” və “Növbəti tədris ilində nəzərdə tutulan əsas layihələr” mövzularında statistik məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə isə təmsil etdiyi komitənin təhsil işçiləri üçün yaratdığı yeni imkanlardan söhbət açıb.