Kürdəmirdə Məmməd Əmin Rəsulzadənin adını daşıyan şəhər 2 saylı tam orta məktəb-liseyin binası qəzalı vəziyyətdədir.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 50 il bundan əvvəl istifadəyə verilən məktəb rayonun ən qocaman və şagirdlərin sayına görə ən böyük təhsil ocaqlarından biridir. Məktəb 3 mərtəbə və 2 korpusdan ibarətdir. Burada 1315 şagirdin təlim-tərbiyəsi ilə 120-ə yaxın pedaqoji heyət məşğul olur. Məktəbin ümumi kollektiv sayı 1500-ə yaxındır. Məktəbin qəzalı vəziyyətdə olması şagirdləri və pedaqoji kollektivi müəyyən çətinliklərlə üz-üzə qoyur. Lakin buna baxmayaraq məktəbdə tədrisin həyata keçirilməsində problemlər yaranmır. Ötən ilin və bu ilin qəbul statisikasına nəzər yetirsək 2 saylı tam orta məktəb-liseyin şagirdlərinin uğurlu nəticələrini və yüksək balla universitetlərə daxil olduqlarını görə bilərik. Bundan başqa əvvəlki qəbul imtahanlarında bu məktəbin məzunları arasında maksimum bal toplayan və Respublikda birinci yeri tutanlar da olub.
Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rafael Məmmədov "Report"un yerli bürosuna məktəbin qəzalı olması barədə Təhsil Nazirliyinə məlumat verdiyini bildirib: "Məktəb qəzalı vəziyyətdə olsa da, burada 1 315 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 120 pedaqoji heyət məşğul olur. Hazırda məktəbimiz qəzalı vəziyyətdədir. Bu da tədrisin səviyyəsinə təsir etməsə də davamiyyətə təsir edir. Ona görə də həm biz Təhsil Nazirliyi, həm də rayon rəhbərliyinə bu barədə məlumat verimişik".