Bugünkü buraxılış (qəbul) imtahanları 10 şəhər və rayonda təşkil olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, imtahanların təşkil edilməsi üçün ümumilikdə 61 imtahan binası, 1 045 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1 361 nəzarətçi-müəllim, 122 buraxılışı təşkil edən əməkdaş, 61 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyulun 25-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.