BBC: Antarktidada istiləşmə səbəbindən 10 minədək pinqvin balası tələf olub

BBC: Antarktidada istiləşmə səbəbindən 10 minədək pinqvin balası tələf olub Antarktidada istiləşmənin yol açdığı buzların parçalanması zamanı 10 000-ə qədər pinqvin balası tələf olub.
Elm və təhsil
25 Avqust , 2023 02:24
BBC: Antarktidada istiləşmə səbəbindən 10 minədək pinqvin balası tələf olub

Antarktidada istiləşmənin yol açdığı buzların parçalanması zamanı 10 000-ə qədər pinqvin balası tələf olub.

“Report” xəbər verir ki, bu barədə BBC yazıb.

Peykdən qeydə alınmış olay 2022-ci ilin sonunda qitənin qərbində Bellinqshauzen dənizinə baxan ərazidə baş verib.

Pinqvinlərin altındakı buzlar onlar okeanda üzmək üçün lazım olan sukeçirməz lələklərə sahib olmadan öncə əriyib və parçalanıb.

Britaniya Antarktik Xidmətinin (BAX) doktoru Piter Fretvelin sözlərinə görə, balaların bu tələfatı gələcək olayların xəbərçisidir.

İmperator pinqvin koloniyalarının 90 %-dən çoxunun Antarktidada əsrin sonuna qədər, demək olar, yox olacağı proqnozlaşdırılır, çünki qitənin mövsümi dəniz buzları daim istiləşən çevrədə əriyir.

“İmperator pinqvinlərinin ürəmə dövrü dəniz buzundan asılıdır. Balalarını yetişdirmək üçün işlətdikləri sabit platformadır. Ancaq bu buz lazım olduğu qədər qalın deyilsə və ya daha tez parçalanırsa, bu quşlar fəlakətə düçar olacaq”, - Fretvel açıqlayıb.

O ümid edir ki, bəşəriyyət istiləşmənin gətirdiyi karbon emissiyalarını azalda biləcək. Belə ki, araşdırmaçıya görə, əgər bu edilməsə, imperator pinqvinləri yox olmaq ərəfəsində olacaq.

Həmkarları ilə birlikdə Fretvel belə qənaətə gəlib ki, 2018-2022-ci illər arasında 60-dan çox məlum imperator pinqvin koloniyalarının təxminən üçdəbiri dəniz buzunun kiçilməsi sonucunda müəyyən şəkildə zərər çəkib.

Alimlər Bellinqshauzen dənizinin sahilində bu quşların beş koloniyasını müşahidə ediblər: Rotşild adasında, Verdi körfəzində, Smayli adasında, Brayan yarımadasında və Pfroqner burnunda.

Avropa İttifaqının “Sentinel-2” peykləri sayəsində elm adamları pinqvinlərin nəcisləri üzərindən fəaliyyətlərini izləyə biliblər.

BBC qeyd edib ki, cənub yarımkürəsində qış yaxınlaşdıqca yetkin quşlar mart ayı civarında dəniz buzlarının üzərinə tullanır.

Pinqvinlər bir-birinə qulluq edir, cütləşir, yumurta qoyur, bu yumurtaları çıxarır və sonra balalarının dünyaya təkbaşına çıxması vaxtı gələnədək növbəti aylarda balalarını bəsləyirlər. Bu, adətən dekabr-yanvar aylarında baş verir.

Bununla belə, alimlər pinqvin yuvalarının altındakı dəniz buzunun noyabr ayında, yəni minlərlə bala üzgüçülük üçün lazım olan lələkləri almadan öncə dağıldığını qeyd ediblər.

BBC bildirib ki, Antarktidada yay dəniz buzlarının səviyyəsi 2016-cı ildən bəri kəskin şəkildə azalıb və qitə ətrafında suyun donma sahəsi yeni rekord minimuma düşüb.

Son iki yay mövsümündə, 2021–2022 və 2022–2023-cü illərdə, Bellinqshauzen dənizi, demək olar ki, tamamilə buzsuz olub.

Son aylarda buzların yavaş əmələ gəlməsi o deməkdir ki, pinqvin koloniyaları azı bir il nəsil artıra bilməyəcək.

İndi nəsli kəsilməkdə olan heyvanların siyahısına daxil olan Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) imperator pinqvinlərini “Təhlükə altında olan” kimi təsnif edir.

Son xəbərlər

Orphus sistemi