Bakı Ali Neft Məktəbində (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramı barədə əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, razılaşmanın məqsədi Beynəlxalq Biznes Məktəbləri (IBS) vasitəsi ilə GBS və BANM arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır.
İmzalanma mərasimində Ali Məktəbin professor-müəllim heyəti və əməkdaşları ilə yanaşı,
BANM-in rektoru Elmar Qasımov GBS ilə danışıqların uğurla nəticələnməsindən məmnun olduğunu söyləyib. O, Azərbaycanda ilk dəfə tədris olunacaq yeni MBA proqramının tələbələr arasında böyük maraq doğuracağını, eyni zamanda bu proqramın təhsilin beynəlmiləlləşməsində mühüm rol oynayacağını bildirib. Həmçinin rektor deyib ki, BANM-in bütün proqramları kimi, sözügedən MBA proqramı da beynəlxalq standartlara tam cavab verir.
GBS-in Cenevrə kampusunun rektoru Mark Hatton BANM ilə Əməkdaşlıq haqqında Razılaşmanın imzalanmasından məmnun olduğunu, xüsusilə birgə tədris olunacaq Neft və Qaz Menecmenti üzrə MBA proqramının ən yüksək keyfiyyətlə icrası istiqamətində Ali Məktəbə hərtərəfli dəstək göstərəcəklərini bildirib. Mark Hatton əlavə edib ki, bu əməkdaşlıqdan əsas gözləntisi tələbələrin daha çox sosial bacarıqlarının inkişafı və bu bacarıqların praktiki biznesdə tətbiq olunmasına nail olmaqdır.
GBS İsveçrənin ən nüfuzlu tədris müəssisələrindən biridir və dünyanın altı şəhərində bakalavr, magistratura və doktorantura üzrə təhsil verir.