Azərbaycanda “British Council”in üçillik “Learning Hubs” (təlim mərkəzləri) təlim-tədris proqramı başa çatdırılıb.
“Report” xəbər verir ki, bu münasibətlə Bakıda keçirilən tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, "British Council"in Azərbaycan direktoru Fransis Qardener-Trexo, Təhsil Nazirliyinin rəsmiləri iştirak edib.
Səfir Ceyms Şarp qeyd edib ki, “Learning Hubs” əvvəlcə koronavirus pandemiyası, daha sonra İkinci Qarabağ müharibəsi dövrü ilə üst-üstə düşməsi üzündən həm uşaqlar, həm də müəllimlər üçün müəyyən çətinliklərlə yadda qaldı. Bu çətin vaxtda təlim mərkəzlərinin müəllimləri tərəfindən dəyanət və fədakarlıq göstərildiyi də qeyd olunub. “Mən Zaqataladan tutmuş Lənkərana, Bərdədən tutmuş Masazıradək bütün Azərbaycan boyu təlim mərkəzlərində olarkən təlim-tədrisin əla səviyyəsindən, uşaqların necə həvəslə yeni vərdişlərə yiyələndiklərindən valeh oldum” – deyən diplomat bu təşəbbüsü hərtərəfli dəstəklədiklərinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib.
“Learning Hubs" proqramının nailiyyətləri son üç il ərzində bir çox təəssübkeş tərəfdaşlarımızın və təhsil mütəxəssisləri arasında əməkdaşlığın bəhrəsidir. Bütövlükdə 8 mindən artıq şagirdin ingilis dilində danışmaq, müzakirələr aparmaq, tənqidi düşüncə vərdişlərini inkişaf etdirmək üçün çalışmalar aparmışıq” – deyə direktor Fransis Qardener-Trexo qeyd edib.
Tədbirdə həmçinin proqramı müvəffəqiyyətlə başa vuran məktəblərə sertifikatlar da təqdim olunub.
Qeyd edək ki, “Learning Hubs” proqramı “British Council” tərəfindən Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyilə hazırlanıb.