Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forum başlayıb.
"Report" xəbər verir ki, forumun məqsədi daxili və xarici keyfiyyət təminatı, tədris və təlimdə keyfiyyətin təmin edilməsi, ali təhsil müəssisələrində tədqiqat potensialının inkişafı məsələlərini müzakirə etməkdir.
Agentlik sədri çıxışında bildirib ki, bu il 14 ali məktəbə təlim və metodiki dəstək göstərilib: "İlin sonuna kimi daha 3 ali təhsil müəssisəsi tezliklə təlim və metodiki dəstəkdən faydalanacaq. TKTA həm də ekspertlər fondu üçün də təlimlər keçirir. Bu gün də xarici rəyçi ekspert kimi qurumların 300-ə yaxın əməkdaşına sertifikat təqdim edəcəyik. Həmin ekspertlər hər üç təlim modulunda iştirak edib və tapşırıqlarını uğurla yerinə yetiriblər. Ümid edirik ki, sertifikatlı ekspertlərimiz gələcək akkreditasiya proseslərində fəal rol oynayacaqlar".
Qeyd edək ki, iki gün davam edəcək forumun ilk günündə keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq və milli təşkilatlarının (EQAR, CEENQA, INQAAHE, NVAO) rəhbərlərinin iştirakı ilə panel müzakirələr, ikinci gün isə ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ekspertlər tərəfindən seminarlar keçiriləcək.