Bakı. 13 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin idarə olunması İnstitutunun (Project Management İnstitution - PMI) dəstəyi ilə “PMI Azərbaycan Sammiti” keçiriləcək.
Bu barədə "Report"a BANM-dən məlumat verilib.
Tədbirin təşkilatçısı PMI-ın Azərbaycan nümayəndəliyidir. Sammitdə PMI Azərbaycanın fəaliyyət istiqamətləri, layihələri, dövlət və özəl sektorda Layihə idarəetməsində müasir metodların tətbiqi və perspektivləri mövzuları müzakirə olunacaq.
Azərbaycan rəsmi olaraq 2018-ci ilin mayın 4-də Berlində PMI ilə imzalanmış müqaviləyə əsasən “PMI Azerbaijan Potential Chapter” statusunu əldə edib.
Qeyd edək ki, Layihələrin idarə olunması İnstitutu (PMİ) 1969-cu ildə yaradılıb. PMI layihələrin idarə edilməsinə aid məşhur “The Guide to the PMBOK (Project Management Body of Knowledge)” standartını işləyib hazırlamış və aktiv şəkildə tətbiq etməkdədir. PMI təxminən 4 ildə bir dəfə olmaqla öz PMBOK standartını yeniləyir.
PMI artıq bir neçə onilliklər ərzində müxtəlif ölkələrdə layihə menecmentinin təbliği, genişləndirilməsi və inkişafı istiqamətində fəaliyyət göstərir. PMI layihə menecmenti standartlarını işləyib hazırlayır və bütün dünyada yerli bölmələrdə (Chapters) təlimlərin təşkil edilməsi yolu ilə mütəxəssislərin ixtisasını artırır.
Hazırda PMI-nin dünyanın 200-dən çox ölkəsində 700000 yaxın üzvü vardır. Azərbaycanda 100-yə yaxın sertifikatlaşdırılmış peşəkar vardır. Onlar Layihə İdarəetmə İnstitutunun Azərbaycan bölməsinin potensial üzvləridir.