Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) fəaliyyət göstərən pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi məzmun və metodiki olmaqla dörd istiqamətdə aparılacaq.
“Report” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, diaqnostik qiymətləndirilmə zamanı onların erkən uşaqlıq dövrü və məktəbəqədər təhsil üzrə dövrün tələbinə uyğun pedaqoji və psixoloji elmi bilikləri və metodiki bacarıqlara malik olması yoxlanılacaq.
Həmçinin qiymətləndirməyə təbiyəçi-müəllimin təlimin təşkilində müəllimyönümlü və uşaqyönümlü yanaşmaları fərqləndirə bilməsi, ikinci yanaşmaya üstünlük verməsi, təlim prosesini idarə etməsi, dəyərləndirməsi və proqnozlaşdırması kimi istiqamətlər də aiddir.
Diaqnostik qiymtələndirmə meyarlarına təhlükəsizlik ilə bağlı biliklər də daxil edilib. Uşaqların sağlamlığının qorunması, onların həyatına təhlükə yarada biləcək situasiyalar zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, psixoloji və sosial şiddətə qarşı qabaqlayıcı və müdafiə tədbirlərinin görülməsi bu meyarlar sırasındadır.
Bundan başqa, pedaqoji etika və əməkdaşlıq da qiymətləndirmə meyarlarına daxildir. Tərbiyəçi müəllimlərin pedaqoji kollektiv ilə qarşılıqlı əlaqə, valideynlərlə konstruktiv ünsiyyət, pedaqoji etik davranış, hüquqi savadlılıq, məlumat təhlükəsizliyini və konfidensiallığı təmin etməsi kimi bacarıqları da yoxlanılacaq.
Özünüinkişaf ilə bağlı qiymətləndirmə meyarlarına isə özünütəhlil, tədqiqatçılıq, özünütəhsil, özünüidarə və özünübərpa bacarıqlarının əhəmiyyətinin fərqində olması və onları tətbiq etməsi aiddir. Eyni zamanda öz hüquqlarını tanıması və qanuni yollarla müdafiə etməsi də bu meyarlar sırasındadır.
Qeyd edək ki, 19-20 oktyabrda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə həyata keçiriləcək.