Azərbaycanda məktəblilərin bir qismi kiber zorakılığa məruz qalır

Azərbaycanda məktəblilərin bir qismi kiber zorakılığa məruz qalır Təhsil İnstitutunun mütəxəssisləri iki qız şagirdin intihar hadisə ilə bağlı şərh veriblər
Elm və təhsil
11 Mart , 2021 15:06
Azərbaycanda məktəblilərin bir qismi kiber zorakılığa məruz qalır

Azərbaycan Təhsil İnstitutunun mütəxəssisləri iki qız şagirdin intihar hadisə ilə bağlı şərh veriblər.

"Report"un məlumatına görə, Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Könül Abaslı bildirib ki, dövləti, aidiyyəti qurumları və cəmiyyəti intihar və onun səbəbləri dərindən narahat edir.

Onun sözlərinə görə, intihar davranışına səbəb ola biləcək risk faktorlarının müəyyən edilməsi intiharların qarşısını almaqla əlaqəli həyata keçiriləcək təhlillərə istiqamət vermək və risk qruplarına müdaxilə etmək nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir: "COVID-19 pandemiyası dövründə təhsil və digər fəaliyyətlərlə bağlı məhdudiyyətlərin yaranması, evdə yaranan gərginlik və izolyasiya kimi səbəblər məktəblilər arasında intiharların artmasına səbəb ola biləcək faktorlar qismində qiymətləndirilir. Pandemiya dövründə evəqapanmalar və izolyasiya prosesi məktəblilərin həmyaşıdları və ya dostları ilə sosiallaşma fəaliyyətləri üçün internetdən və sosial şəbəkələrdən istifadəsini artırıb. Əlbəttə ki, sosial şəbəkələrdən istifadənin miqdarında yüksəlişlərin olması intihar risklərinin də çoxalmasına səbəb olub".

İnstitutun işçisi qeyd edib ki, son zamanlar müşahidə olunan intihar hadisələrində kiber zorakılıq da səbəblərdən biridir: "Uşaq və yeniyetmələrin kiber zorakılığa məruz qalması intihar düşüncəsini və təşəbbüsünü artırır. Son aylarda Azərbaycanda məktəblilərin rəqəmsal texnologiyalardan və sosial şəbəkələrdən istifadəsi ilə bağlı aparılmış genişmiqyaslı bir tədqiqat nəticəsi onların bir qisminin kiber zorakılığa meyilli olduqlarını, bir qisminin isə kiber zorakılığa məruz qaldıqlarını göstərib. Əlavə olaraq sorğuda iştirak edən məktəblilərin ən az 22 %-i internetdə narahatedici bir situasiya ilə, yəni kiber zorakılıq ilə qarşılaşdığı zaman bu vəziyyəti heç kimlə paylaşmadığını ifadə edib".

"İnternetdən istifadənin sərhədlərinə nəzarətin çətin olduğu bir dövrdə məktəblilərə hansı halların kiber zorakılığın göstəricisi olub-olmadığı barədə məlumat verilməsi mühümdür. Həmçinin onların kiber zorakılıqdan necə qorunmağın mümkünlüyü və kiber zorakılıq ilə qarşılaşdıqları zaman mövcud durum ilə necə mübarizə apara biləcəkləri, dəstək üçün kimlərə müraciət edə biləcəkləri mövzusunda maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bu işdə ən əsas öhdəlik isə valideyn və müəllimlərin üzərinə düşür. Vəziyyət ilə əlaqəli mübarizə məktəb-müəllim-valideyn üçbucağında aparılmalıdır. Həm müəllimlər, həm də valideynlər məktəblilərin virtual aləmdə təhlüksəzliyini təmin etmək üçün onlara lazımi bilik və bacarıqları aşılamaq işini qarşılıqlı əməkdaşlıq formasında həyata keçirməlidir. Bunun üçün isə həm müəllimlərin, həm də valideynlərin qarşılaşıla biləcək risklərin fərqində olmaları xüsusi əhəmiyyət daşıyır", - deyə K.Abaslı əlavə edib.

Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadovun verdiyi məlumata görə, hazırda rəhbərlik etdiyi qurum UNICEF ilə birgə “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım bacarıqları” adlanan layihəni icra edir: "Layihə uşaq və yeniyetmələr arasında müxtəlif psixi travmaların, qloballaşmanın mənfi təsirlərinin yaratdığı deviant davranış və suisid meyllərinin aradan qaldırılması yönündə məktəb psixoloqlarının şagird, müəllim və valideynlərlə aparmalı olduqları maariflən­dirmə, profilaktika, diaqnostika, korreksiya, reabilitasiya və s. işlərin təşkili sahəsində bacarıqlarının formalaşdırılmasına istiqamətlənib. Aparılmış araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, uşaq və yeniyetmələrin özünə qəsd etməsinin səbəb və motivləri müxtəlifdir. Uşaq və yeniyetmələr bu yolla valideynlərinin, müəllimlərinin və yaxınlarının diqqətini öz problemlərinə yönəltməyə cəhd göstərir. İnstitut gənclərin psixoloji sağlamlığının qorunması və bu sahədə maarifləndirmə işlərinin mütəmadi həyata keçirilməsini daim diqqətdə saxlayır".

Son xəbərlər

Orphus sistemi