Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Yüksel Ozgenlə görüşüb.
Akademiyadan "Report"a bildirilib ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgen Azərbaycan və Türkiyənin elmi qurumları arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb, qarşılıqlı maraq doğuran məsələlərin həllində birgə fəaliyyətin zəruriliyini vurğulayıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli iki elmi qurum arasındakı əlaqələrdən bəhs edib, bir sıra ortaq layihələrin həyata keçirilməsinin, elmi nəşrlərin mübadilə edilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Görüşdə bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri ilə bağlı qarşılıqlı şəkildə Azərbaycanda və Türkiyədə keçiriləcək tədbirlərdə hər iki ölkənin elmi qurumlarının təmsil olunması haqqında danışılıb.
Atatürk Kültür Mərkəzinin rəhbəri, professor Zəki Əraslan və Türk Dil Qurumu başqanının müavini, dosent Omər Gök çıxış edərək rəhbərlik etdikləri qurumlar haqqında məlumat verib, AMEA ilə elmi əməkdaşlıq məsələləri barədə fikir və mülahizələrini səsləndiriblər.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgen imzalayıblar.