Azərbaycan Təhsil İnstitutunda (ARTİ) yeni təyinatlar olub.
ARTİ-dən "Report"a verilən xəbərə görə, Ümumi şöbənin müdiri Kənan Kərimli direktor müavini, Layihələrin təşkili və idarə edilməsi şöbəsinin müdiri İbrahim Baxışlı isə Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinə direktor təyin olunub.
Qeyd edilib ki, Kənan Kərimli 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib.
2006-2008-ci illərdə “Nobel OiL” LTD şirkətinin Azərbaycan filialında inzibati işlər üzrə köməkçi, 2008-2009-cu illərdə “3A” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentində, 2009-2012-ci illərdə isə “Azərinşaatsevris” MMC-də ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində fəaliyyət göstərib.
Kənan Kərimli 2012-2017-ci illərdə “Azərinşaatsevris” MMC, “Azercon” ASC, “ADY Ekspress” MMC və “Astaraçay” MMC kimi şirkətlərdə şöbə müdiri vəzifəsində çalışıb, 2017-ci ildən yeni vəzifəyə təyin edilənədək Azərbaycan Təhsil İnstitutunda İnformasiya şöbəsinin, daha sonra isə Ümumi şöbənin müdiri vəzifələrini icra edib.
2021-ci ildə Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
ARTİ-dən bildirilib ki, İbrahim Baxışlı isə 2010-2015-ci illərdə Bakı Mühəndislik Universitetinin maliyyə ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2017-2019-cu illərdə ABŞ-ın Lindenwood Universitetində MBA proqramında təhsil alıb.
2016-2017-ci illərdə “Capital Motors” MMC-də maliyyə mütəxəssisi, 2019-cu ildə “Nəzarət Ölçü Cihazları və Avtomatika” MMC-də analitik, 2020-2021-ci illərdə “Azgranata” MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində böyük elmi işçi vəzifələrində çalışıb.