ADA və Corc Vaşinqton Universiteti arasında doktorantura təhsili üzrə tərəfdaşlıq müqaviləsi imzalanıb.
"Report" xəbər verir ki, dekabrın 19-u baş tutan tədbirdə imzalanan müqavilənin məqsədi Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin inkişafına töhfə verəcək akademik kadrların yetişdirilməsidir.
Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov yeniproqramların elanını ADA Universiteti tarixində əlamətdar hadisə kimi qiymətləndiriblər.
ADA Universitetinin ABŞ-dəki Mərkəzinin prezidenti Qalib Məmməd ADA Universitetinin yeni təşəbbüslərinin gələcək elmi-pedaqoji heyətin hazırlanması məqsədi daşıdığını söyləyib:
"ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə əməkdaşlığı növbəti mərhələyə qədəm qoyur və daha geniş tələbə kütləsinin ehtiyaclarını ödəməyə yönəlib".
ADA Universitetinin rektoru Hafiz Paşayev yekun nitqində vurğulayıb ki, Universitet ilk yaranan gündən elmi-pedaqoji heyətin gücləndirilməsi istiqamətində bir sıra işlər aparır. Bu məqsədlə, ADA Universiteti mütəmadi olaraq xaricdə doktorantura təhsili alan Azərbaycanlılarla yaxından işləyir və elmə maraq göstərən gənclərin nüfuzlu universitetlərdə doktorantura təhsilini dəstəkləyir. Rektor bildirib ki, ADA Universitetində texniki və texnoloji sahədə doktoranturatəhsilinin açılışı da məhz bu məqsədə xidmət edir. Bundan əlavə, o qeyd edib ki, Corc Vaşinqton və Turin Politexnik Universitetində də bu sahələrdə doktorantura təhsili almaq imkanı Azərbaycanlı gənclərə yeni akademik keyfiyyətlər qazandıracaq, onların ixtisaslaşmasını və beynəlxalq elmi şəbəkəyə qoşulmasını təmin edəcək. Bu, yalnız ADA Universitetinin deyil, bütövlükdə ölkəmizin inkişafına fayda verəcək.
Qeyd edək ki, bu gün keçirilən tədbirdə həm də ADA Universiteti özünün ilk doktorantura proqramını və Corc Vaşinqton Universiteti ilə birgə yeni magistr və doktorantura proqramlarını təqdim edib. Təqdimatı keçirilən magistr proqramları vasitəsilə isə tələbələr iki il ərzində həm Bakıda, həm Vaşinqtonda təhsil alaraq sonda iki diplom əldə edəcəklər.
Foto: Samirə Həsənova





