Azərbaycan Xəzər dənizinin çirklənməsini minimuma endirmək üçün tədbirlər görür.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda keçirilən beştərəfli görüşü zamanı deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin təbii sərvətlərindən səmərəli istifadə Xəzəryanı ölkələr üçün mühüm vəzifədir: “Xəzər dənizi ilə bağlı problem beş ölkəni birləşdirir. Bu ölkələr çirklənmənin qarşısını almaq və Xəzərin ehtiyatlarından zərərsiz istifadə etmək üçün ümumi məsuliyyət daşıyır”.
Nazir müavini vurğulayıb ki, Xəzər dənizi ilə bağlı təşəbbüslər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinə daxil ediləcək.
U.Tağıyeva Xəzər dənizində birgə monitorinqlərin keçirilməsini də təklif edib.