​Son 7 ildə Xəzər dənizinin səviyyəsi yarım metrdən çox azalıb

​Son 7 ildə Xəzər dənizinin səviyyəsi yarım metrdən çox azalıb "Xəzər dənizində periodik olaraq səviyyə dəyişmələri baş verir"
Ekologiya
15 Yanvar , 2015 09:30
​Son 7 ildə Xəzər dənizinin səviyyəsi yarım metrdən çox azalıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Xəzər dənizi qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir. “Report”un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab edilir. Belə ki, Xəzər dənizinin su balansının gəlir hissəsinin təqribən 80 faizini təşkil edən Volqa, Ural, Samur, Kür, Terek, Səfidrud və digər çayların hövzələrində baş verən iqlim tərəddüdləri burada suyun səviyyəsinin artıb-azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycanda dəniz səviyyəsi üzərində müşahidələrə XIX əsrin birinci yarısında (Bakı məntəqəsi – 1830-cu il) başlanılıb. Hazırda Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində (sahildə, açıq dənizdə, adalar və estakadalarda) Nazirliyin Milli Hidrometeorologiya Departamentinin 13 hidrometeoroloji müşahidə məntəqəsi fəaliyyət göstərir ki, bunların 7-sində dəniz səviyyəsi üzərində müşahidələr aparılır.

Qeyd edək ki, ötən əsrin ikinci yarısında Xəzər dənizində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. Belə ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə - 29 metrə qədər azalıb, sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995) 2,5 metr artaraq - 26,5 metrə çatıb. 1995-ci ildən isə dənizin səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb.

Təkcə son 7 il ərzində Xəzər dənizinin səviyyəsi 0,56 metr azalıb və 2014-cü il üçün dəniz səviyyəsinin orta illik qiyməti Baltik sistemi ilə - 27,43 metr olub.

Çoxillik səviyyə tərəddüdlərindən başqa, dəniz səviyyəsinin fəsillərin dəyişməsi ilə xarakterizə olunan ildaxili tərəddüdləri də müşahidə olunur ki, bu da ilin isti aylarında çayların sululuğunun artması hesabına dəniz səviyyəsinin qalxması, qış aylarında isə əksinə, enməsi ilə özünü göstərir.

Son xəbərlər

Orphus sistemi