Azərbaycan iqlim dəyişikliyi ilə bağlı mübarizədə önə çıxır və biz sloveniyalılar bu cür təşəbbüsləri çox dəyərləndiririk.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Sloveniyanın Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Qorazd Rençel bildirib.
Bu ilin noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) barədə fikir bildirən səfir qeyd edib ki, bu beynəlxalq konfransa Sloveniyadan da heyət qatılacaq.
COP prosesinin 2 milyondan çox əhalisi olan Sloveniya üçün əhəmiyyətini vurğulayan səfir deyib ki, iqlim dəyişikliklərinin təsiri azsaylı xalqlarda daha çox özünü büruzə verməkdədir: “Xalqımız iqlim dəyişikliyinin effektlərini hər gün daha çox hiss edir. Ötən həftə Sloveniyada daşqın olub və bu, əhalimiz üçün adi hal deyil, çox çətinliklər yaşanır”.
İqlim dəyişikliyinə qarşı mübarizənin Sloveniya üçün çox vacib olduğunu ifadə edən səfir bunu Azərbaycan-Sloveniya əməkdaşlığında ortaq nöqtələrdən biri kimi dəyərləndirib: “Ümumiyyətlə, istər beynəlxalq yarışlar, istərsə də beynəlxalq konfransların keçirilməsində Azərbaycan önə çıxır. Bunların hər biri çox gözəl təşəbbüslərdir”.