Sabah yağış yağacaq, külək əsəcək.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.