“Qarabağın çaylarında ən müasir 13 avtomat hidroloji stansiyanın quraşdırılması planlaşdırılır”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Real TV”yə müsahibəsində deyib.
O qeyd edib ki, stansiyalardan üçü Tərtərçayının üzərində yerləşəcək: "Digərləri isə Xaçınçay, Qarqarçay, Levçay, Köndələnçay, Zabuxçay, Qarqarçay, Bərguşadçay, Oxçuçay, Bəsitçay və Araz çayda quraşdırılacaq".
U.Tağıyevanın sözlərinə görə, bərpa işləri iqtisadiyyatın bütün sahələri üçün düzgün məlumatların lazımi formatda və müasir tələblərə cavab verəcək şəkildə çatdırmağa imkan yaradacaq.
Xidmət rəisi həmçinin xatırladıb ki, işğaldan əvvəl Qarabağda su obyektlərində 17 məntəqədən ibarət və 100 illik tarixə malik olan müşahidə şəbəkəsi fəaliyyət göstərib: "Qeyd edim ki, Qarabağın sıx çay şəbəkəsi mövcuddur. Bu çayların Qarabağın və ölkənin digər rayonlarının kənd təsərrüfatı kompleksi üçün böyük əhəmiyyəti var".