Plastikdən hazırlanan tikinti materialları insan orqanizmi üçün təhlükəlidir?

Plastikdən hazırlanan tikinti materialları insan orqanizmi üçün təhlükəlidir? "Plastik material köhnəldikdən sonra kiçik molekullu qazlar buraxa bilir"
Ekologiya
28 Yanvar , 2017 17:29
Plastikdən hazırlanan tikinti materialları insan orqanizmi üçün təhlükəlidir?

Bakı. 28 yanvar. REPORT.AZ/ "Plastikdən hazırlanan müxtəlif keyfiyyətsiz materiallardan, qapı və pəncərələrdən, tavanlardan tikintidə, xüsusilə yataq otaqlarında istifadə etmək insan orqanizmi üçün təhlükəlidir". 

Bunu "Report"a açıqlamasında AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib. 

Onun sözlərinə görə, plastik materialların tərkibində olan maddələr müəyyən vaxtdan sonra parçalanır və insan orqanizmi üçün arzuolunmaz maddələr ətrafa ayrılır.

Ə.Əliyev deyib ki, müxtəlif mineral maddələrlə zəngin olan içməli suyun, müxtəlif qida məhsullarının plastik qablarda saxlanılması təhlükəli olmaqla yanaşı, həmin mineral suyun, qidanın tərkibinin itməsinə də səbəb olur: "Dünyanın keyfiyyətə və sağlamlığa dəyər verən ölkələrində mineral sular yalnız şüşə qablarda saxlanılır. Azərbaycanda plastik qablara doldurulmuş bu cür sular qışda zirzəmilərdə, yayda günün altında bəzən günlərlə, aylarla saxlanılır".

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor İslam Mustafayev isə "Report"a bildirib ki, tikinti materialları istənilən formada insan orqanizminə təsir göstərə bilir: "Problem həmin materiallarda uçucu tozların olması, bəzi hallarda özündə radioniklutləri saxlaması, radonla bağlı ola bilər. Ümumiyyətlə, tikinti materialları insan orqanizminə təsir göstərə bilər. Hazırda tikinti sahəsində geniş şəkildə plastik materiallara keçiblər. Bu cür materiallar yüksək davamlılığa malikdirlər. Həmin materiallar hazırlanarkən bütün qaydalara əməl olunmalıdır. Plastik material insan orqanizminə təsir göstərməyəcək şəkildə sertifikatlaşdırılır. Söhbət zəmanətdən gedir. Əsas məsələ həmin materialların nə dərəcədə normativlərə uyğun hazırlanması və onun dözümlülüyüdür. Bu, həmin materiallardan ətraf mühitə molekulların yayılmaması üçün vacibdir. Plastik materailda belə xüsusiyyət var ki, köhnəldikdən sonra kiçik molekullu qazları buraxa bilir. Standartlara cavab verirsə, onun təsiri çox olmalı deyil, amma bir çox hallarda kustar şəraitdə, texnoloji tələblərə cavab vermədən qazanc məqsədilə istehsal müəssisələri yaradılır. Belə materiallar çox təhlükəlidir. Yanma və kimyəvi maddələrin ayrılması təhlükəsi ola bilər".

Onun sözlərinə görə, plastik qablar, tikinti materialları kütləvi şəkildə məişətə daxil olsa da, Azərbaycanda bu məhsulların yaratdığı mənfi təsirləri araşdıran, ümumiyyətlə, bu sahə ilə məşğul olan yoxdur.

Son xəbərlər

Orphus sistemi