Milli Hidrometeorologiya Xidmətinin Maştağa qəsəbəsində yerləşən aeroloji stansiyasında müşahidələr bərpa edilib və ilk radiozond hava şarı buraxılıb.
“Report”un məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin əsas tərkib hissələrindən biri olan aeroloji müşahidələr zamanı havaya buraxılan radiozond 30 km-dən artıq yüksəkliyədək və 200 km radiusda mütəmadi olaraq meteoroloji göstəriciləri-temperaturu, rütubəti, küləyin parametrlərini, atmosfer təzyiqini öyrənmək imkanı verəcək.
Onun fikrincə, bu da öz növbəsində əhaliyə təqdim olunan hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyini daha da artıracaq. Radiozond atmosfer təbəqələrinə qalxdıqca müxtəlif hündürlüklərdə ölçülmüş meteoroloji elementləri radiosiqnallar vasitəsilə serverə ötürəcək.
"Hava şarı atmosfer qatında temperaturun və rütubətliliyin dərəcəsini, küləyin istiqamətini, atmosfer təzyqini ölçərək məlumatların yerə ötürülməsini həyata keçirəcək. Bu məlumatlar ətrafında sinoptiklər metroloji dioqramlar quraraq təhlillər aparacaq. Bu, öz növbəsində gündəlik verilən hava proqnozların dəqiqliyini və operativliyini artıracaq. Gələcəkdə isə qlobal erkən xəbərdarlıq sisteminin tərkib hissəsi olaraq bu proqnozların beynəlxalq miqyasa ötürülməsini həyata keçirəcək".
N.Mahmudov vurğulayıb ki, dövlət investisiya layihəsi çərçivəsində bərpa edilən aeroloji müşahidə məlumatları vasitəsilə ölkəmizin beynəlxalq hava proqnozu yayımının tərkib hissəsi olaraq Qlobal Erkən Xəbərdarlıq Sisteminə inteqrasiyası davam edəcək: "Yeni stansiyanın fəaliyyətə başlaması, eyni zamanda Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma sahəsində həyata keçirilən mərhələli tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilir. Yaxın gələcəkdə ölkəmizdə Erkən Xəbərdarlıq Sisteminin inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcək".