İslam Mustafayev: "Xəzərin sahili daha çox plastik tullantılarla çirkləndirilir"

İslam Mustafayev: "Xəzərin sahili daha çox plastik tullantılarla çirkləndirilir" Bakı. 17 avqust. REPORT.AZ/ Xəzər dənizinin sahil zonası və suları hər gün, xüsusən də yay aylarında davamlı olaraq çirklənməyə məruz qalır.
Ekologiya
17 Avqust , 2018 16:13
İslam Mustafayev: Xəzərin sahili daha çox plastik tullantılarla çirkləndirilir
Eco.gov.az

Bakı. 17 avqust. REPORT.AZ/ "Xəzər dənizinin sahil zonası və suları hər gün, xüsusən də yay aylarında davamlı olaraq çirklənməyə məruz qalır".

Bunu "Report"a açıqlamasında “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev deyib.

O bildirib ki, bəzən insanlar öz istirahətlərini təşkil edərkən təmizliyə riayət etmir, ətrafı, dəniz sahilini tullantılarla bəzən bilməyərək, bəzən də bilərəkdən çirkləndirirlər: "Çirklənmələr daha çox birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik tullantıların atılması ilə baş verir. Atılan plastik tullantılar nəinki həmin ərazilərin ekoloji vəziyyətinin pozulmasına və antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, həm də Xəzər dənizinin su bioloji resurslarına məhvedici təsir göstərir. Belə ki, dənizə atılan plastik tullantılar günəşin, dalğaların və bakteriyaların təsiri ilə mikro-plastiklərə parçalanır. Nəticədə suda yaşayan canlı orqanizmlər–balıqlar, molyusklar, planktonlar bu mikro-plastikləri qəbul edirlər və onların orqanizmində fəsadlar yaranır. Belə şəraitdə olan balıqlar insanlar tərəfindən qida kimi qəbul edildikdə, insanların sağlamlığında müxtəlif fəsadlara səbəb olur. Beləliklə ətraf mühitə bu cür laqeyd və etinasız yanaşma son nəticədə dövr edərək elə məhz insanlara mənfi təsirini göstərir".

İ.Mustafayevin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu cür halların qarşısının alınması məqsədilə iməciliklər, müxtəlif təmizlik aksiyaları və mütəmadi reydlər keçirilir: "Bu tipli aksiyaların keçirilməsində məqsəd plastik tullantıların ətrafa atılmasının fəsadlar yarada biləcəyinin dərk edilməsinə, təbiətə olan münasibətin müsbət mənada dəyişməsinə nail olmaqdır. Hərəmiz öz ətrafımızda olan zibili təmizləyək, tənbəllik edərək qonşu edər fikri ilə yaşamayaq. Ölkə bizimdir, təbiət bizimdir, dəniz bizimdir. Təbiətin qayğımıza ehtiyacı var!".

Son xəbərlər

Orphus sistemi