Hirkan Milli Parkında bir neçə yeni marşrutlar açılacaq.
"Report" xəbər verir ki, bunu Parkın direktoru Azər Mirzəyev "Azərbaycanın Milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.
Onun sözlərinə görə, Amerika, Norveç və bir neçə xarici ölkələrdən gələn əcnəbi turistlər daha çox bəbirləri görmək istəyirlər: "Təbii ki, bəbirlərin olduğu yerlərə çıxa bilməsələr də, müəyyən hissəyə qədər ikigünlük marşrut xətti ilə gedə bilirlər. Son bir ildə çəkilən şəkillərlə parkda mühafizə sisteminə tam əməl olunduğunu sübut etmişik. Bəbirlərin yem bazası çoxalmaqdadır və onların sayı 4-dən 6-ya qədər artıb".
A.Mirzəyev bildirib ki, hazırda park ərazisində 12-ci marşrut xəttinin açılması üzərinə iş gedir: "Bu Kəklik-turac marşrutu adlanacaq. Məqsəd turistləri Züvand və Rvarod dövlət yasaqlığında yüksəklikdə quraşdırılacaq müşahidə qülləsində binokol vasitəsilə kəklik və turacların necə uçmasının canlı şahidi olmalarını təmin etməkdir. Son üç ayda parka gələcək turistlərin sayında artım gözlənilir. Buna səbəb payız fəsli ilə əlaqədar dəmirağacın qızılı rəngə boyanmasıdır".
"Hazırda parkda "Sağlam həyat" marşrutunun layihələndirilməsi üzərində işlənilir. Bu marşrut 2.4 km məsafədən ibarətdir. Turistlər və ətrafda yaşayan kənd sakinləri maşınları parkın sərhədində saxlayıb 2 manat ödəniş etməklə bilet ala və həmin marşrutu piyada gəzə bilərlər. Bu müddətdə də parkın ərazisində olan və "Qırmızı Kitab"a düşən təbiət nümunələri ilə tanış ola biləcəklər", - deyə o əlavə edib.
A.Mirzəyev vurğulayıb ki, fototələlər vasitəsilə Milli Parkın ərazisində olan bəbir, qaban və digər vəhşi heyvanların insanların yaşadığı kəndlərin 2 km-liyinə qədər hərəkət etdiyi görülür: "Buna baxmayaraq, onların kəndə hücum etməsi mümkün deyil, çünki həmin heyvanlar yalnız öz marşrutları üzrə hərəkət edirlər. Bu da onu göstərir ki, həmin heyvanlar insanlar üçün təhlükə yaratmır".