Noyabrın 8-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, külək Tovuzda 26 m/s, Göyçay, Naftalanda 21 m/s, Ağstafada 20 m/s, Beyləqan, Gəncədə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Yağış Qobustanda 32 mm, Astara, Lənkəran, Quba, Qusar, Şahdağ, Tərtər, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Yardımlıda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Noyabrın 7-si saat 15:24 radələrində Qobustan rayonu ərazisinə xırda ölçülü dolu düşüb.
Noyabrın 8-i gündüz və 9-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.